02.09.2010, 17:28
Bunu APA-ya eksklüziv açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Tərtərin Çaylı kəndi istiqamətində avqustun 31-də baş vermiş silahlı insidentə münasibət bildirərkən deyib.
A. Kaspşik baş vermiş insidentlə əlaqədar Qarabağda, İrəvanda bu gün isə Bakıda hərbçilərlə görüşlər keçirdiyini bildirib: “Onlardan aldığım məlumatlar ziddiyyət təşkil edir”.
A. Kaspşik baş vermiş insidentin lazımsız olduğunu vurğulayıb: “Mən fürsətdən istifadə edərək, Azərbaycan mətbuatı vasitəsilə insident zamanı həlak olmuş iki Azərbaycan əsgərinin ailəsinə başsağlığı verirəm”.
Şəxsi nümayəndə Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində son monitorinqin insidentsiz keçdiyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, avqustun 31-də saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub. Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - 2009-cu ilin aprelində İmişli Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Əmirov Vüqar Əmirəli oğlu və 2009-cu ilin aprelində Sabirabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olublar.