07.09.2010, 09:58
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüş keçirilib. APA-nın məlumatına görə, P. Semnebi bildirib ki, məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı icmanın fikrini, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara münasibətini öyrənməkdir.
Xüsusi nümayəndə qeyd edib ki, münaqişə nəticəsində bu qədər insanın yurdundan didərgin düşməsi faciədir: “Məcburi köçkünlərlə görüşlərim olub, onların vəziyyəti ilə tanışam. Bu humanitar problem uzun müddətdir, davam edir və Cənubi Qafqazda, strateji regionda gedən proseslərə ciddi maneədir”.
O bildirib ki, münaqişənin həlli ilə bağlı saziş imzalanarkən iki məsələ xüsusilə nəzərə alınmalıdır: “Bunlar Azərbaycanın ərazi bütövlüyü və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsidir”.
P. Semnebi vaxtilə mövcud olmuş əlaqələrin bərpasının münaqişənin həllinə kömək edəcəyinə inandığını vurğulayıb. İcmanın rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan rəhbərliyinin, xalqının, o cümlədən icmanın bu məsələyə münasibətini qonağın diqqətinə çatdırıb: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca heç bir iqtisadi əlaqədən söhbət gedə bilməz”.
B. Səfərov qeyd edib ki, məcburi köçkünlər doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyir və Dağlıq Qarabağda Azərbaycan qanunlarına əməl edəcək ermənilərlə dinc yanaşı yaşamağa razıdırlar.
Görüşdə çıxış edən icma üzvləri təklif edib ki, diskussiya aparılması üçün icmanın nümayəndə heyəti Avropa İttifaqına dəvət edilsin. P. Semnebi təklifi müsbət qarşılayıb.