07.09.2010, 17:40
“Biz bu gün çox aktiv görüşlər keçirmişik”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie deyib. Həmsədr bildirib ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər keçiriblər.
Prezidentlə görüşdən sonra yenidən Elmar Məmmədyarovla müzakirələri davam etdirdiklərini deyən B. Fasie səfərlə bağlı şərh verməyib: “Bu, hələ missiyanın birinci hissəsidir. Səfərin nəticələri barədə sonda birgə bəyanatla çıxış edəcəyik”. Regiona səfərdən əvvəl sentyabrın 6-da birgə bəyanatla çıxış etdiklərini xatırladan diplomat deyib ki, bəyanatda hər iki tərəfə çox aktiv proqram təklif ediblər: “Bu, yaxın aylara, dekabra kimi nəzərə tutulan görüşlərin proqramıdır”.
Bakıdan sonra Qarabağa, yoxsa İrəvana gedəcəkləri barədə suala cavabında B. Fasie bunun hələlik məlum olmadığını söyləyib: “Bir neçə variant var. Bu, bir çox faktordan asılıdır. Həmin faktorlardan biri də hava şəraitidir”.