16.12.2011, 16:18
Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç cümə günü keçirdiyi mətbuat konfransında bildirib.
"Çünki biz haqqın tərəfdarıyıq", - o deyib.
Səfirin sözlərinə görə, Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır, lakin bunun üçün məlum şərtlər mövcuddur. "Bu şərtlər yerinə yetirilməyincə, münasibətlərdən söhbət gedə bilməz", - Kılıç əlavə edib.
Rəsmi Ankara bəyan edib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğaldan azad etməsə, sərhədləri açmayacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.