23.01.2012, 13:37
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirilib
Soçidə Rusiya və Azərbaycana prezidentlərinin ikitərəfli görüşü olub. APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlər və Qafqaz regionunda vəziyyət müzakirə olunub. Dmitri Medvedyev regionda vəziyyətin inkişaf tendensiyaları ətrafında fikir mübadiləsi aparılacağını deyib: “Biz Qafqaz regionu ilə sıx tellərlə bağlıyıq və digər yaxın bölgələrdə yanaşı, bu bölgədə də baş verən heç bir hadisəyə laqeyd qala bilmərik”.
Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üç ölkənin prezidentinin iştirakı ilə keçiriləcək görüşü yüksək dəyərləndirib: “Belə görüşlər mütəmadi keçirilir, bəzi məqamlarda irəliləyişlər var, bəzi məqamlarda problemlər var, lakin dialoq əhəmiyyətlidir və əminəm ki, bu kimi əlaqələr davam edəcək”.
Rusiya prezidenti görüşdə Azərbaycanla münasibətlərin inkişaf istiqamətlərinin də dəyərləndiriləcəyini deyib. O ötən il iki ölkə arasında əməkdaşlığın nəticələrinin qənaətbəxş olduğunu vurğulayıb. Azərbaycan prezidenti münasibətlərin intensiv xarakterinin bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə imkan verdiyi fikri ilə razılaşıb: “Ötən il çox uğurlu oldu, biz qarşılıqlı əməkdaşlığı möhkəmləndirdik, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi isə on faizlərlə artıb”.
Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasına yönəlmiş səyləri davam etdirdiyinə görə rusiyalı həmkarına təşəkkür edib: “Tamamilə düz qeyd etdiyiniz kimi, ümidverici anlar da olub, pessimizm əhval-ruhiyyəsini gücləndirən anlar da. Lakin sizin səylərinizi davam etdirməyiniz optimizmi artırır”.
İlham Əliyev həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Dmitri Medvedyevə təşəkkürünü bildirib: “Növbəti iki ildə BMT Təhlükəsizlik Şurasında sıx qarşılıqlı fəaliyyətimizi davam etdirəcək və bizə dəstək verən 155 ölkənin ümidlərini doğrultmağa can atacağıq”. APA