03.09.2009, 20:40
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Dağlıq Qarabağ problemi həll edilməyincə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını məqbul saymır. "Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər, münasibətlərimiz "bir millət - iki dövlət" prinsipinə əsaslanır. Ölkələrimizi bir-birinə bağlayan çoxlu tellər var. Ona görə də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində aparılan danışıqlar istər-istəməz Azərbaycan ictimai rəyində müəyyən narahatlıq yaradır", - Trend News-un məlumatına görə, YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.
Trend News-un arayışı: Türkiyə XİN bildirib ki, İsveçrənin vasitəçiliyi ilə Ermənistanla aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə Protokol"un imzalanmasına dair" daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub.
Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə hazırda qonşu Ermənistan ilə sərhədləri açmağı planlaşdırmır.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, ölkələr arasında sərhədlər 1993-cü ildən bağlıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az